İsbəndiyarov Hümbət Əsgər oğlu 01 iyul 1932-ci ildə Laçın rayonunun Çorman kəndində anadan olub. Xocalının işğalından 9 ay əvvəl ailəsi ilə birlikdə Xocalıya köç ediblər. Hümbət kişi bu müddətdə 18 metr uzunluğunda, 10,5 metr eni, 9,8 metr hündürlüyü olan ev tikib. Anasının ili çıxmamış erməni quldurları onun ailəsini əziyyətlə tikdiyi evindən didərgin salıblar. Hümbət kişi Xocalıda xalça fabrikində gözətçisi işləyib. Xəstə yatağında keçmiş günləri xatırlasa da, danışmaq onun üçün çətin idi. Səhhətini nəzərə alaraq Hümbət kişinin çox danışmasını istəmədim. Ancaq yarım saatlıq söhbətdə onun qoçaqlıqlarını, mahir ovçu olduğunu, erməni əsirliyində öz eli üçün göstərdiyi fədakarlıqları öyrəndim. Şəhid atasının o müsibətli günlər haqqında danışdıqlarını qələmə aldım. Yazdım ki, unutqan olmayaq. Xocalı soyqırımını, erməni vəhşiliklərini unutmayaq.
- Səhər saat 6-ya kimi Xocalıdan çıxa bilmədik. Səhər Qarqarçayı keçərək təxminən 200 nəfər sakinlə Kətiyə tərəf yol aldıq. Meşədə qardan getmək olmurdu. Hər tərəfdə ayaqları soyuqdan donan uşaq, qoca meyitləri var idi. Bir gün meşədə qaldıq. Meşədə ermənilər bizi görüb atəş etdilər. Mən ov tüfəngi ilə erməninin birini vurdum. Erməni arxası üstə aşdı. Hərə bir təfə dağılmışdı. Övladım Eldar yanımda şəhid oldu. Onun 19 yaşı var idi. Yaxşı döyüşürdü. O, deyirdi ki, mən qaçmayacağam, qaçsam kürəyimdən güllə dəyər. Elə dediyi kimi də oldu. Düşmən gülləsi onun ürəyinə dəydi. Mən Eldarı meşədə dəfn etdim. Sonra Xocalıya tərəf qayıtdıq. Yolda qarşımıza iki nəfər çıxdı. Yoldaşım mənə dedi ki, qızı vur. O, elə bildi ki, rastlaşdıqlarımız ermənilərdir. Mən dayandıqda, yoldaşım mənə ata bilmirsən deyərək silahı əlimdən aldı. Həmin anda səs gəldi ki, mən Şahinəm, qızı niyə vurursan? Şahin bizə camaatın Gendərəyə yığışdığını dedi. Yenidən Xocalı istiqamətinə getdik. Gendərə deyilən yerə qayıdıb orada camaata qarışdıq. Gecə orada qaldıq. Qar-çovğun ocaq yandırmağa qoymurdu. Çətinliklə 10 yerdə ocaq qaladıq. Fevralın 26-sı axşamı Qənahət arvada dedim ki, dur gedək Gülablıya tərəf. O, mənə dedi ki, ayaqlarım yer tutmur, sürüşür. Meşədən gərməşov ağacı tapıb ocaqda ütdükdən sonra yoldaşımın və onun ayaqqabılarıın altına bağladım. Mən dedim ki, Gülablı tərəfə getsək, daha yaxşıdır. Ancaq məni dinləmədilər, məcburən mən də onlarla getməli oldum. Bir qədər getdikdən sonra Dəhraz kəndinə çatdıq. Orada ermənilərlə bizi atəşə tutdular. 4 nəfəri vurdular. Hamımızı əsir götürdülər. Mən silahımı əvvəlcədən qarın içində gizlətmişdim. Bizi aparıb ictimai binaya yığdılar. Kimin əynində hərbi geyim var idisə, onlara daha çox işgəncələr verirdilər. Məmməd həkimin hərbi geyimin alıb parçaladım. Övladımın evdən gətirdiyim paltarını ona verdim. Allahverənin oğlunun şalvarını alıb yandırdım.
Əsirlərin arasından 13 nəfəri yığıb apardılar. Bir azdan güllə səsləri gəldi. Ermənilər içəri girib onları öldürdüklərini dedilər. Amma mən onlara aparılanları öldürmədiklərini dedim. Çünki mən dəyən gülləni səsindən bilirəm. Erməninin biri sinəmdən tutub mənə dedi ki, sən hardan bilirsən? Başqa erməni dedi ki, kişi düz deyir, ondan əl çək.
Necə oldusa 60 nəfər əsiri azad etdilər. Əsirlikdə yaxınlarından uzaq düşən 11 yaşlı bir uşaq var idi. Onu Gülablıya qədər aparıb milisə təhvil verdim. Qızımın ayaqları dondan yanmışdı. Ermənilərə qızımı təkcə apara bilməyəcəyimi bildirdim. Erməni məndən köməyə kimi götürmək istədiyimi soruşdu. Mən Məmməd həkim kömək edəcək dedim. Məmməd həkimlə birlikdə qızımı ədyalın arasında Gülablıya qədər gətirdik.
Ay bala, həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən? Doğma torpaqlarımızdan didərgin düşmək ağır dərddir. Dədə-baba yurd yerlərimizin yağı tapdağında olduğunu düşünəndə adam dəhşətə gəlir. Oğlumun ölümü mənim ürəyimdə sağalmaz yaradır. Xocalıda hər ailə şəhid verib. Xocalı soyqırımını, erməni vəhşiliklərini, düşmənin necə amansız olduğunu unutmaq olmaz.
Qalib BƏYMƏMMƏDOĞLU